Yaponiyada Azərbaycan turizminə dair
təqdimat
Ölkəmizin Yaponiyadakı səfirliyinin
və Yaponiya Səyahət Agentliyi Assosiasiyasının birgə
təşkilatçılığı ilə Tokioda “Azərbaycanda
turizm sənayesi” mövzusunda təqdimat keçirilib.
Təqdimatda Yaponiyanın Torpaq,
İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məsul
işçiləri, 30-dək şirkətin nümayəndələri
və mütəxəssislər iştirak ediblər.
Səfir Gürsel İsmayılzadə
əvvəlcə ölkəmizin iqtisadiyyatı,
aparıcı sahələr, makroiqtisadi göstəricilər
barədə iştirakçılara ətraflı məlumat
verib, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət
yetirildiyini diqqətə çatdırıb. Azərbaycanın
turizm sektoru haqqında məlumat verən səfir bu sahənin
inkişafı üçün əməli tədbirlər
görüldüyünü, ölkədə beynəlxalq
standartlara cavab verən turizm obyektlərinin tikildiyini, 2010-2014-cü
illər üzrə turizmin inkişafına dair Dövlət
Proqramının icra olunduğunu bildirib. Ölkəmizə gələn
turistlərin ümumi göstəricisi və Azərbaycana səfər
edən yapon turistlərin artım dinamikası, hotellərin
sayı, turizm şirkətləri haqqında məlumatlar slaydlar
vasitəsilə iştirakçıların diqqətinə
çatdırılıb.
Sonra Azərbaycanın turizm
potensialı haqqında videoçarx nümayiş etdirilib.
Yaponiyanın regionumuz üzrə
ixtisaslaşmış turist şirkətlərinin nümayəndələri
çıxış edərək Azərbaycana səfərlərin
təşkilinin şərtləri, növləri və turistləri
maraqlandıran digər məqamlar barədə ətraflı
məlumat veriblər. Səfir yapon iş adamlarının
suallarını cavablandırıb. Tədbirdə Azərbaycanda
istehsal edilmiş şərab nümunələri də
iştirakçılara təqdim edilib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 9.